335 19-07-2020

Azərbaycanda mətbuatın inkişafını şərtləndirən əsas amil

Ekspertlərin qənaətincə, bu, mətbuat sahəsinə güclü dövlət diqqətinin və qayğısının mövcud olmasıdır

 

İyulun 22-də Azərbaycan Milli Mətbuatının yaradılmasının 145 ili tamam olur. Düz 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. Bu əlamətdar tarixin dövlət səviyyəsində geniş qeyd olunması üçün Prezident İlham Əliyev tərəfindən iyunun 30-da "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalanıb. Həmin sərəncamla Prezident Administrasiyasına tapşırılıb ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla, yubiley tədbirlərinin keçirilməsini təmin etsin. Həmçinin jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində dövlət başçısına təqdim etsin.

Jurnalistlərinin dostu, hamisi və qayğıkeşi

Sözügedən sərəncam və ondan irəli gələn vəzifələrlə bağlı Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, ölkə başçısının imzaladığı bu sənəd Azərbaycanda mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir. Media institutunun müasir çağırışlara və qlobal trendlərə, ən əsası, milli maraqlara uyğun fəaliyyət göstərməsinin strateji əhəmiyyətə malik olduğunu deyən baş redaktor bildirib ki, Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil bu sahədə güclü dövlət diqqəti və qayğısının mövcud olmasıdır. Onun sözlərinə görə, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir: "Azərbaycan mətbuatı öz inkişafı tarixində zəngin, şərəfli və mürəkkəb yol keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan uğurlu strateji kursun qanunauyğun nəticəsi kimi, ölkəmizin iqtisadi potensialı və maliyyə imkanları artdıqca, mətbuatın maddi problemlərinin həlli ilə bağlı çox mühüm tədbirlər görülüb. Bütün bu addımlar Azərbaycan mətbuatının inkişafına ciddi töhfələr verib. Bu gün dövlət başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır və real nəticələr əldə olunur. Prezident İlham Əliyevin milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamı dövlət başçısının Azərbaycan jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu növbəti dəfə nümayiş etdirir”.

Modernləşmə, rasionallıq, obyektivlik

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qarşıdan milli mətbuatımızın yaranma gününün gəldiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin imzaladığı Sərəncamın Azərbaycan mediası üçün mövcud dönəmdə yol xəritəsi, istiqamətverici mayak rolunu oynadığını dilə gətirib. O qeyd edib ki, bu sərəncamda üç mühüm istiqamət əksini tapıb: "Birinci məqam odur ki, Prezi­dent Azərbaycan mediasının keçdiyi yola nəzər yetirir, ölkə jurnalistlərinin fəaliyyətini yüksək dəyərləndirir. Bu yanaşma ölkə jurnalistlərində ruh yüksəkliyi yaradır. İkinci məqam odur ki, Prezident mediamızın inkişafının istiqamətləri, diqqət yetirməli olduğu­muz məsələlər barədə tövsiyələrini verir. Qeyd edir ki, kütləvi informa­siya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologi­yalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Sərəncamda xüsusi olaraq vurğulanır ki, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır. Üçüncü məqam Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunmasıdır. Burada COVID-19 pandemiyası ilə bağlı şərait nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Jurnalist təşkilatları və redaksiyalardan Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması üçün təkliflər qəbul ediləcək. Dünyanın COVID-19 pandemiyası ilə çarpışdığı, yüzlərlə problemin gündəmdə olduğu bir vaxtda Prezident İlham Əliyevin bu sərəncamı imzalaması onun səriştəli fəaliyyətinə, hər bir sahəni diqqətdə saxlamasına nümunədir”.

Peşəkar jurnalistika ilə məşğul olanlara əlavə stimul

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu da Milli Mətbuatın 145 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamı yüksək qiymətləndirib. O, qəzetimizə açıqlamasında bildirib ki, sözügedən sənədin imzalanması hər bir jurnalist tərəfindən müsbət qarşılanır: "Ənənəvi olaraq Milli Mətbuatımızın yubileyi qeyd olunan ərəfədə belə sərəncamlar imzalanır, peşəkar jurnalistika sahəsində çalışan qələm sahiblərinin əməyi, xidməti qiymətləndirilir, onlar fəxri adlar və medallarla təltif edilirlər. Bu, jurnalistika sahəsində çalışanlara, mətbuata dövlətin ən yüksək səviyyədə diqqət və qayğısının göstəricisidir. Jurnalistika yaradıcı peşədir, sahədir. Yaradıcı insan ruhən, mənən hər zaman diqqət istəyir, qayğıya ehtiyac duyur. Düşünürəm ki, bu mənada Azərbaycan jurnalistlərinin bəxti gətirib. İstər sosial vəziyyət, istərsə də yaradıcılıq şəraiti baxımından Azərbaycanda geniş imkanlar var. Jurnalistin öz peşə fəaliyyətini dəqiq, qərəzsiz, obyektiv, vicdanlı, operativ şəkildə yerinə yetirməsi üçün meydan var. Bunun üçün Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk. Xüsusilə diqqət yetirməliyik ki, budəfəki yubiley pandemiya dövrünə, koronavirusla ciddi mübarizə apardığımız çətin vaxta təsadüf edir. Belə bir dönəmdə Azərbaycan jurnalistləri həkimlər və polislərlə birlikdə əsl fədakarlıq nümayiş etdirirlər. Nəinki özlərinin, eləcə də yaxınlarının həyatını riskə ataraq peşə borcunu yerinə yetirən jurnalistlərimiz var. Onlar Operativ Qərargahın qəbul etdiyi qərarların, indiki dönəmdə dövlət siyasətinin əhaliyə düzgün çatdırılmasında, eyni zamanda bilgiləndirmə, maarifləndirmə funksiyasının yerinə yetirilməsində, yarana biləcək yanlış ictimai rəyin qarşısının alınmasında mühüm rol oynayırlar. Onlar arasında koronavirusa yoluxan, hətta həyatını itirən media təmsilçilərimiz də var. Belə bir həssas və ağrılı dönəmdə Azərbaycan Prezidentinin imzaladığı sərəncam birmənalı olaraq yüksək qiymətləndirilir, peşəkar jurnalistika ilə məşğul olanlara əlavə stimul verir”.

Digər yazılar

“Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminar

“MOLLA NƏSRƏDDİN” JURNALININ 115 İLLİYİ QEYD OLUNUB

BDU-nun Jurnalistika fakültəsində görüş

Professor Cahangir Məmmədli ilə görüş

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Ermənistan Cənubi Qafqaz regionunda sülhə təhdiddir

Yeni tədris iliniz mübarək!

“Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub

"Jurnalistikanın müasir problemləri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Zaman bir olmaq zamanıdır

BDU-nun rektoru Universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

Vikipediya qrupu yaradılıb

Videomontaj təlimlərinə start verilib

BDU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Jurnalistika fakültəsində “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız sessiyası başlayıb

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək